Əli Kərimli: “Hökumət islah olunmayacağını bilir”

501 0

AXCP sədri Əli Kərimli Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT) Azərbaycanın fəaliyyətinin dayandırılmasına və Bakının rəsmi bəyanatla MHŞT-dən çıxmasına münasibət bildirib.

Martın 10-da “Azadlıq” radiosuna danışan AXCP sədri deyib: “Azərbaycan hökumətinin insan haqlarına, demokratik prinsiplərə biganə münasibətinin, aparılan repressiyaların nəticəsidir ki, Azərbaycanın böyük bir platformada fəaliyyəti dayandırıldı. Görünən budur ki, Azərbaycanın müzakirələr zamanı koalisiyanı tərk etmək barədə şantajı, təhdidi işə yaramayıb. Bu gün belə bir addımın atılması onu göstərir ki, Azərbaycan hər hansı ciddi islahatlara hazır deyil, hökumət vətəndaş cəmiyyətinə, siyasi rəqiblərinə beynəlxalq standartlara yaxın şərait yaratmaqda, üzərinə hər hansı öhdəlik götürməkdə maraqlı deyil. O, islah olunmayacağını bilir və rəqiblərinə, vətəndaş cəmiyyətinə divan tutmaq, repressiya apara bilmək üçün Azərbaycanı əlavə tribunalardan, müstəvilərdən, platformalardan məhrum edir.

Ermənistan üzərinə qoyulan bütün öhdəlikləri götürərək, o cümlədən işğal edilmiş Dağlıq Qarabağla bağlı heç bir məlumatı hesabatına daxil etməyəcəyi haqda öhdəlik götürərək bu platformaya qoşulmağa nail olur. Amma Azərbaycan böyük bir platformanı tərk edir, ölkənin imicini, maraqlarını düşünmür. Bu, əsl antimilli fəaliyyətdir, şəxsi maraqları, hikkələri dövlət maraqlarından üstün tutmaqdır”.

MHŞT şirkətlərin, hökumətlərin, sərmayəçilərin və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüs, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Martın 8-9-u Kolumbiyanın paytaxtı Boqotada MHŞT İdarə Heyətinin 36-cı iclası keçirilib. İclasda Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar çıxarılıb.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə hökumət komissiyasının və çoxtərəfli qrupun sədri Şahmar Mövsümov bəyanat yayaraq ölkənin 2003-cü ildə qoşulduğu qurumdan çıxdığını bəyan edib.

Ötən il oktyabrın 26-da MHŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi. MHŞT Azərbaycanın statusunu 2015-ci ilin aprelində namizədə qədər azaltmış, bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmiş, Azərbaycana problemlərin həllindən ötrü vaxt verilmişdi.

Martın 9-da MHŞT-nin İdarə Heyətinin Boqota toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb. Qurumun yaydığı bəyanatda bildirilib ki, Azərbaycan Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib.

Şahmar Mövsümovun bəyanatında isə qeyd olunub ki, ölkə islahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub: “Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından – hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşmasının göstəricisi hesab edilə bilər”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id