Şotlandiya müstəqillik referendumuna gedir. Novator.az-ın məlumatına görə, Şotlandiyanın birinci naziri, hakim Şotland Milli Partiyasının lideri Nikola Stercen BBC-yə müsahibəsində referendumun 2018-ci ilin payızında keçirilməsini mümkün saydığını bəyan edib.
Stercen qeyd edib ki, referendum Böyük Britaniyanın Avropa İttifaqından ayrılması başa çatanadək keçirilməlidir.
2016-cı il iyunun 23-ü Böyük Britaniyada keçirilmiş referendumda ölkənin Avropa İttifaqından ayrılmasına səs verilib. Bu ayrılıq 2018-ci ilin payızında rəsmiləşməlidir. Şotlandiya referendumun nəticələrindən narazı qalıb və Avropa İttifaqından ayrılmaq istəmir.
Novator.az xatırladır ki, 2014-cü il sentyabrın 18-də Şotlandiyada ilk müstəqillik referendumu olub, seçicilərin 55,4%-i Böyük Britaniyanın tərkibində qalmağa tərəfdar çıxıb.
Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə muxtariyyət əldə edib, öz parlamenti və hökuməti var.