Elm və sənətdən qadınlara nəzər salanda

663 0

Dilarə MEHDİ
professor

Bir terminin açıqlanması

«Problemlərin identifikasiyası» adlanan formulu bizim oxucular xeyli məzmunlu yöndən mənimsəməlidirlər. «İdentifikasiya» eyniləşdirməkdir, bizim dilimizdə isə «bir-ləşdirmək»dir. Ancaq «birləşdirmək» sözünü «identifiksiya» sözünə ekvivalent və ya sinonim etməyə o mane olur ki, «eyniləşdirmək»dən fərqli olaraq «birləşdirmək» şüurumuza bir qrupa salmaq mənasını daşıyır. Halbuki «identifikasiya» tutuşdurub nə iləsə bağlamağı, bir etməyi nəzərdə tutur. İdentifikasiya «onlar birdirlər, bir şeydirlər» mənasını özündə gəzdirir.

Bu prosesi həm də «tanımaq» sözü yaxşı bildirir. Biz necə olur ki, kimisə, nəyisə tanıyırıq? Əgər o tanışdırsa, tanıyırıq. Tanış isə artıq bir dəfə gördüyün, bir dəfə bildiyindir. Sən nəyəsə, kiməsə rast gələndə onu tanımaq üçün yaddaşında olan tanış hadisə ilə tutuşdurub eyniləşdirəndə tanıyırsan. Bu səbəbdən də Azərbaycan oxucusu bilməlidir ki, «problemlərin identifikasiyası» problemləri tanımaqdır. Tanımaq isə hələlik bilmədiyini bildiyinlə tutuşduranda, onlar arasında eynilik tapanda, yəni onların «bir şey olduğunu» aydın edəndə baş verir.

İdentifikasiyadan qadınlara keçəndə

İndi isə götürək başqa formulu: «Qadınların problemlərinin indentifikasıyası» və eləcə də «Azərbaycan qadınlarının problemlərinin identifikasiyası». Novator.az saytında təşkil olunmuş dəyirmi masada bu iki formul ətrafında gedən diskussiyanın məndə yaratdığı fikirləri və təəssüratları bölüşüm.

Qadınların problemlərinin identifikasiyası (tanınması və tapılması) üçün bu problemləri nələrlə tutuşdurub eyniləşdirmək əməliyyatını aparmaq lazımdır. Məsələn, Yulius Evola göstərmişdi ki, ənənəvi cəmiyyətlərdə kişilər spiritual, ruhanı başlanğıcla – Göy aləmi ilə, qadınlar isə Təbiətlə identifikasiya olunurdu. Yadımıza salaq ki, Çin mifologiyasında Yan işıqlı, aktiv başlanğıc kimi tanınan kişi arxetipi ilə, İn isə qaranlıq, passiv başlanğıc kimi tanınan qadın arxetipi ilə anışdırılırdı. Bu bölgünün davamı kimi qadınların sol tərəflə (sol əllə), yəni passiv tərəflə, kişilərinsə sağ tərəflə eyniləşdirilməsi özünü göstərir.

Gətirdiyimiz faktlar arxaik mədəniyyətlərə aiddir. Ancaq görün bu əski identifikasiya elm və sosial-siyasi hərəkatlarda qadın problemlərini «tanımağa» öz dərin izlərini necə salmışdı. Feministlər Freydi və Yunqu onda ittiham edirdilər ki, qadını təbiətlə identifikasiya etməklə onun statusunu kişiyə baxanda nisbətən aşağı salırlar.

İdentifikasiya əsasında qadın özəlliyinə bir baxış

Yunqun şəxsiyyətin psixologiyası ilə bağlı məşhur nəzəriyyəsi var. Bu nəzəriyyə insanları ekstravert və introvert tiplərə ayırır. Ekstravert dişarıya açıq və ünsiyyətcil tipdir, introvert isə özünə qapanmış tipdir. Yunq bu nəzəriyyəsini izah etmək üçün ekstravert tipi qadın xasiyyəti ilə identifikasiya edib belə açıqlama verir: ekstravert, yəni emosional tip daha çox qadınlar arasında yayılıb, çünki duyğusal yaşantılar, sözsüz, daha çox onlara xasdır. Qadınların bu ekstravert emosional tipi özünü daha aydın və təkrarlı şəkildə sevgi obyektini necə seçmələrində göstərir: bu qadınlar üçün sevgiyə layiq kişi onların gizli mahiyyətlərinə uyğun kəsdir.

Bu tip qadınlar sevmək istəyəndə «düzgün» duya bilir, bir şərtlə ki, duyğularına heç nə mane olmasın. Duyğulara isə ən çox ağıl, rasionallıq, düşüncə əngəl olur, ona görə də həmin qadın tipi imkan olduğu dərəcədə düşüncələri basqı altında saxlayır. Bu o demək deyil ki, həmin qadın düşünmür. O, çox, həm də xeyli ağıllı düşünə bilər, ancaq düşüncələr onun üçün duyğularına əlavələrdir. Yunq belə əlavələri yunanların Epimetey tanrsı ilə bağlayır. Bu tanrı düşüncəni və daha çox sonrakı ağlı simvolizə edir. Deməli, Yunqa görə, qadında sonrakı ağıl daha inkişaf edib. Analitik psixologiyanın yaradıcısı hesab edirdi ki, qadınlar duya bilmədiklərini şüurla düşünməyi sevmirlər. Ona görə də düşünəndə duyğularına əngəl olan hər hansı məntiqi nəticəni elə qapıdanca qovurlar. Bu səbəbdən məntiq və düzgün məntiqi nəticələr onların şüurlarının mərkəzində dura blmir.

Qadınların arxetip biçimində analizi

Qadın problemlərini tanımaq baxımından önəmli identifikasiya edici əsasları Yunqun arxetiplər təliminə söykənərək Cin Şinoda Bolen irəli sürmüşdü. O, «Tanrıçalar hər qadında» adlanan kitabında qadın xasiyyətlərini bilmək üçün onları yunan mifologiyasındakı ilahələrlə identifikasiya edir. Məsələn, yunanlarda Afrodita gözəllik, sevgi, yaradcılıq tanrıçası idi. Bolen göstərir ki, elə qadınlar var ki, onların davranışına və şəxsiyyətinə biçimi arxetip kimi bu ilahə verir. Digər yunan ilahəsi Artemidadır. Bu yunan tanırçası ruhən güclü olan, azadlığı, səyahəti sevən varlıqdır. Bolen hesab edir ki, Artemida arxetipində formalaşmış qızlar uyğun olaraq müstəqilliyi, kişi peşələrini, idmanı sevirlər.

Yunan mifologiyasnda Demetra ana sevgisini, ana qayğsını simvolizə edirdi. Uyğun olaraq, Demetra arxetipini özündə gəzdirən qadınlar üçün həyatın mənası ana olmaq, uşaq tərbiyə etməkdir.

Afina ilahə kimi soyuq ağlı, hissiyyata uymamağı, praktikiliyi, eyni səhvlərə yol verməməyi simvolizə edirdi. Afina arxetipində olan qadın bu xasiyyəti ilə seçilir.

İdentifikasiya bizim qadınlarla bağlı nələri açır

İndi qadın identifikasiyası üçün dünya elmində əldə edilmiş başlanğıcları Azərbaycan materialında spesifikləşdirsək, baxın görün, nələr alınar. Əgər Azərbaycan qadınlarına tanrıça arxetiplrindən yanaşsaq, görərik ki, bizim milli mədəniyyət həmin arxetiplərdən çoxunu qadınla bağlı mənfi, zərərli sayır. Ancaq əvəzində Demetra arxetipinin verdiyi biçimlərdə təzahür edən qadınlar həm atalar, həm ərlər və qardaşlar tərəfindən daha çox ideala yaxın hesab edilir. Demetra arxetipi bizim milli mədəniyətdə hərtərəfli dəstəkləndiyi üçün daha çox reallaşma gücünə malikdir. Bizim patriarxal mədəniyyət digər tanrıça arxetiplərinə geniş stimullar vermir. Bu o demək deyil ki, digər ilahə arxetipləri patriarxal dünyada tam gücdən düşür. Sadəcə, bu o deməkdir ki, Demetra arxetipinə baxanda o biri ilahələrin təsir dairəsi xeyli daralır. Bu baxımdan bizim klassik poeziya maraqlı material verir. Orada Demetra arxetipində olan qadınlara biganəlik var. Azərbaycan ortaçağ poeziyasında aşiqin vurğun olduğu qız Afrodita tanrıçasının arxetipində olan varlıqdır. «Kitabi-Dədə Qorqud»dakı Banuçiçək daha çox Afina arxetipinə uyğun gəlir. Boyu uzun Burla xatunda isə Demetra və Afrodita arxetiplərinin çarpazlaşmasını görmək olar.

Əgər arxetiplərdən psixoloji portretə keçsək, deyə bilərik ki, bütün qadınlar kimi bizim qadınlar arasında da həm ekstravert, həm introvert tip var. Ancaq mədəniyyətimizdə abır-həya, namus, ismət basqıları hətta ekstravert qızları da uşaq vaxtlarından məcbur edir ki, özlərini introvert kimi aparsınlar. Hicab və yaşmanma dönəmində üzün örtülməsi qızları fiziki əlamətlərdə introvertliyə məcbur edirdi. Sovet dönəmində çadra aradan qalxsa da, «mənəvi çadra» prinsipi ilə sosial rəğbət daha çox ismətli, həyalı qız rolunu oynayan, yəni introvert tipində davranan qadınlara yönəldiyi üçün bu rolu oynayanların sayı daha çox olmuşdu.

Əxlaqi çərçivələr

İndi isə keçək bir prinsipial metodoloji suala: Azərbaycan qızlarının spesifik problemlərini tapmaq üçün nələrlə identifikasiya idraka cəlb olunmalıdır? Azərbaycan qızı yaxın kişi qohumlarının (atasının, qardaşının, xalaoğulları və əmioğullarının) namusu ilə identifiksiya olunur. Bu, müəyyən mənada qızın özünü arxalı bilməsinə müsbət təsir göstərir. Ancaq həmin pozitivin yanında daha böyük neqativ durur: qız bütün sadalanan qohumlarının qarşısında məsuliyyət daşıyır və bu mənada onun məsuliyyət yükü o dərəcədə ağırlaşır ki, qız özünü boyunduruq altında duyur. Azərbacan qızında yaxınlarına ləkə gətirmək qorxusu oğlanlardakından daha çoxdur. Əlbəttə, göstərdiyimiz hal sosial təbəqədən təbəqəyə, regiondan-regiona dəyişir. Elə ailələr olur ki, əmioğulları və xalaoğulları qarşısında qızın məsuliyyəti sıfıra yaxınlaşır. Ancaq belə vəziyyətlər cəmiyyətin özündə marginal sayılır. Tipik olan isə bizim təsvir etdiyimiz haldır.

Qadınla bağlı özünü bildirmə çərçivələri

Bütün mədəniyyətlərdə insan davranışını müxtəlif «olmazlar» sıxır. Daha ciddi yasaqlar isə danışıq tərzinin üstündə «Domokl qılıncı» kimi asılır. Nitq qaydaları fikri ifadəli bildirmək üçün metaforalar, deyim tərzlərinə yasaqlar qoyaraq onlarda sərbəstliyi azaldır. Bu planda nitq qaydaları Azərbaycan qadınını daha çox və daha sərt çərçivələrə salır. Azərbycanda kişi və qadının leksikonunu tutuşdursaq, görərik ki, zərif cinsin işlətdiyi söz və ifadələr sayca daha kasad, rəngcə daha sönükdür. Buradan çıxan nəticə: qadın «sözünə, danışığına fikir verən insan» tipi ilə daha çox identifikasiya olunur, nəinki kişi. Deməli, ifadəli danışmaq məsələsində Azərbaycan qadınının daha çox problemləri var. Bu özünü həm də çağdaş yazar qadınların yaradıcılığında göstərir. Bəzi istisnaları çıxsaq, qadın şeiri və nəsri gerçəkliyin kobud, «tərbiyəsiz» fraqmentlərinin təsviri baxımından kasaddır. Azərbaycanın qadın yazarları daha çox hissiyyat aləminin təsvirində ixtisaslaşıblar.

Bir haşiyə: necə ki uşaqlarla uşaq primitivliyində danışmaq onların nitqinin inkişafına mane olur, eləcə də qadınlara zərif cinsin «saflığında» danışmaq tələbi onların nitqini sönükləşdirir. Nəticədə qadın yazarların, jurnalistlərin fikri ifadə etmək azadlığı xeyli sıxıntılara məruz qalır.

Bu söylədiklərimizin nə dərəcədə gerçəyə uyğun olduğunu testdən keçirmək üçün indimizlə keçmişimizi tutuşdurmaq yaxşı örnəklər verərdi. Qloballaşma və media bolluğu, kabel televiziyaları, internet, Facebook və s. Azərbaycan qızlarının emansipasiyasında, yəni dar çərçivələrdən qurtulmasında böyük rol oynayır. Çağımızda bu qızların səyahəti və peşə diapazonu xeyli genişlənib. Nəticədə açılmış perspektivlər onların düşüncə, danışıq, davranış və geyim tərzinə təsir edərək sərbəstliklərini xeyli artırıb. Keçmiş nəslə (kişili-qadınlı) bu dəyişmələr tərbiyənin, mənəviyyatın, abır-həyanın azalması təsirini bağışlayır. Ona görə də «gənc qızların korlanması» Azərbaycan yaşlılarının sevimli şikayət mövzusudur.

Biz problemlə bağlı qısa «eskiz» cızdıq. Araşdırma aparmaq istəyənlər bu qeydlərdən bəhrələnərək dolğun təsvirə keçə bilərlər.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id