Qarabağ danışıqları dalana dirənib, cəbhə xəttində gərginlik artıb, açıqlamalar sərtləşib.
Fevralın 20-də işğal altındakı Azərbaycan ərazilərində keçirilmiş qanunsuz “konstitusiya referendumu”nda Dağlıq Qarabağ bölgəsinin adı dəyişdirilib, separatçı rejim “Arsax Respublikası” adını əsas ad seçib.
Danışıqlarda status məsələsini ön plana qoyan Ermənistanın prezidenti Serj Sərkisyan fevralın 27-si Brüsseldə keçirilən brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsində əsas məsələ xalqın öz gələcəyini azad iradə əsasında müəyyən etmək haqqıdır: “Başqa yanaşma ola bilməz. Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqı yalnız beynəlxalq hüququn əsas müəyyənedici sənədləri ilə bəyan olunmayıb, vasitəçilərin – ATƏT-in Minsk qrupunun həmsədrlərinin çoxsaylı bəyanatlarında da əks edilərək tanınıb”.
Fevralın 28-i Karnegi Fondunun Brüssel şöbəsindəki çıxışında isə Sərkisyan deyib ki, Azərbaycan danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqını tanımalıdır.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan martın 1-i Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində jurnalistlərə bu ilin sonunadək dünya ölkələrinin birinin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının istisna olunmadığnı deyib.
Baş verənləri qiymətləndirən Milli Məclisin deputatı Zahid Oruc Novator.az-a deyib ki, gərginlik vasitəçilik missiyasının iflasının birbaşa nəticəsidir: “Regionda yeni münasibətlər sistemi qurulur. ABŞ-ın yeni rəhbərliyinin Qafqaz siyasəti hələ formalaşmayıb. Belə olan təqdirdə Moskva və Tehran arasında geopolitik boşluğun tam doldurulması baş verir. Azərbaycanın sürətlə silahlanmasını bir qədər də dərinləşdirməyə çalışan siyasi mərkəzlər bizi müharibəyə çəkməklə on illərlə əldə olunmuş iqtisadi gücümüzü sarsıtmaq, regional mövqelərimizə zərbə vurmaq niyyətindədirlər. Əleyhimizə qurulmuş planları sürətli siyasi manevrlərə əl ataraq yarmaq mümkündür. Azərbaycan Madrid prinsiplərindən rəsmən imtina edərək aprel döyüşlərindən sonrakı hərbi-siyasi üstünlüyünü danışıqların şərtlərinə daşımağa çalışır”.
Ermənistan prezidenti Serj Sərkisyanın son çıxışlarına gəldikdə deputat deyib ki, onun bəyanatlarının Qərb üçün heç bir əhəmiyyəti yoxdur: “Brüsseldə yaxşı bilirlər ki, İrəvan müstəqil xarici siyasət kursu olan dövlət deyil”.
Zahid Oruc qeyd edib ki, Azərbaycan hərbi taktikası Dağlıq Qarabağı təhlükəsizlik zolağından məhrum etməkdir: “Xankəndi uğrunda savaş ilk növbədə ətraf bölgələrin ələ keçirilməsini tələb edir. Əgər ordu belə bir məqsədi gerçəkləşdirsə, onda Şuşada qanlı döyüşlər aparmağa ehtiyac qalmaz. Lakin nəzərə alın ki, səngərlər arasında, təmas xəttinin arxasında bizim mülki insanlar yaşadıqları halda ermənilərin kürəklərinin arxası boşdur. O üzdən Azərbaycan Silahlı Qüvvələri təkcə özlərini deyil, yüz minlərlə vətəndaşımızın həyatını risk altına atmayan taktikalar üzrə hərəkət etməyə məcbur olur”.
Novator.az-a danışan politoloq Rövşən İbrahimov deyib ki, Azərbaycanın Madrid prinsiplərindən imtinası gözlənmir: “Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişəni dinc yolla həll etməyə tərəfdardır. Hazırda Madrid prinsiplərindən fərqli model təqdim olunmayıb. Ancaq cəbhə xəttində baş verən hadisələr və Dağlıq Qarabağda qanunsuz referendumun keçirilməsi bir daha göstərir ki, Ermənistan münaqişəni həll etmək arzusunda deyil”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün hərbi təcavüzə başlayıb. Dağlıq Qarabağ vilayəti 1991-ci ildə özünü müstəqil dövlət elan edib. Ermənistan bu bölgəni və daha 7 rayonu işğal altında saxlayır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi bildirilir.