Fevralın 28-də Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.
Novator.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları yanğını söndürə biliblər. Yanğın 0.3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.
Yanğının başvermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.