Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, ötən il əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-nə 9 milyon 810 min nəfərə çatıb.
2017-ci ilin yanvar ayında əhalinin gəlirlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,6 faiz artaraq 3 milyard 476,1 milyon manata çatdığı vurğulanır.
Hesabata əsasən, yanvar ayında dövlət büdcəsinə 1 milyard 243,6 milyon manat vəsait daxil olub, büdcədən 924,9 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 318,7 milyon manatlıq profisit ümumi daxili məhsulun 6,1 faizi səviyyəsində olub.
Yanvarın 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 444,6 milyon manat təşkil edib. Kredit portfeli 2016-cı il yanvar ayının 1-i ilə müqayisədə 24,3 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9 faizinə bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin 2017-ci il yanvar ayının 1-nə 7 milyard 448,7 milyon manat olduğu bildirilir.