ABŞ prezidenti Donald Trampın əmək naziri postuna namizəd göstərdiyi iş adamı Endrü Puzder bu vəzifədən imtina edib. Novator.az-ın məlumatına görə, Puzder deyib ki, ətraflı götür-qoy etdikdən və ailəsi ilə məsləhətləşdikdən sonra namizədliyinin geri götürülməsini istəyib.
Puzder ona nazir vəzifəsi təklif etdiyi üçün Trampa təşəkkür edib və imtinaya baxmayaraq prezidenti və onun komandasını dəstəklədiyini vurğulayıb.
Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb. Senat indiyədək onun komandasının bu üzvlərini təsdiqləyib: Rayns Pribus – Ağ ev aparatının başçısı, Reks Tillerson – dövlət katibi (xarici işlər naziri), Ceyms Mettis – müdafiə naziri, Con Kelli – daxili təhlükəsizlik naziri, Ceff Seşns – ədliyyə naziri (baş prokuror), Betsi Devos – təhsil naziri, Eleyn Lan Çao – nəqliyyat naziri, Nikki Heyli – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Tomas Prays – səhiyyə və sosial xidmətlər naziri, Stiven Mnuçin – maliyyə naziri, Devid Şulkin – veteranlarla iş naziri.
Daxili işlər naziri postuna Rayan Zinke, kənd təsərrüfatı naziri postuna Sonni Perdyu, ticarət naziri postuna Uilbur Ross, tikinti və şəhər inkişafı naziri postuna Ben Karson, energetika naziri postuna Rik Perri namizəddir.
Donald Tramp İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Mik Malvanini, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi postuna Skott Prüitti, Ticarət Nümayəndəlikləri Ofisinin rəhbəri vəzifəsinə Robert Laytizeri, Kiçik Biznes Administrasiyasının rəhbəri postuna Linda Makmeni namizəd göstərib.
Fevralın 12-də Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib. Maykl Flinnin istefasının Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla əlaqələrlə bağlı olduğu bildirilib. Onun 2016-cı ilin dekabr ayında səlahiyyəti olmadığı halda səfirlə Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq müzakirələri apardığı, amma bunu dandığı üzə çıxıb.