Məcburi köçkünlərə müavinət qaydası yenə dəyişdi

1877 1

Prezident İlham Əliyev fevralın 14-də fərman imzalayıb. Novator.az-ın məlumatına görə, bu fərman “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar fərmanına əlavələrdən ibarətdir.

Fərmanın yenilənmiş variantı belədir:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin.

1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin.

1-3. Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilsin.

Yeni fərmanla prezident bəzi tapşırıqlar verib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etməlidir.

Komitə həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etməlidir.

Nazirlər Kabineti fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən etməlidir.

Bu materialda

Müzakirəyə qoşul

1 comment

  1. Rufet Cavabla

    Bizim qazlmlz yoxdu bes onun pulu nece olacaq bilen var

No widget found with that idNo widget found with that id