Danimarkanın bölgəsi olan Farer adaları yeni konstitusiya qəbul etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, konstitusiya referendumu 2018-ci il aprelin 25-nə təyin edilib. Yeni ana qanunun layihəsi adalara öz müqəddəratını təyin etmək hüququ verilməsini nəzərdə tutur.
Danimarka Krallığı Atlantik okeanında yerləşən Farer adalarına 1948-ci ildə muxtariyyət verib. 48,3 min əhalisi olan Farer adaları müdafiə və xarici işlərlə bağlı məsələlər istisna olmaqla bütün məsələlərin həllində müstəqildir. Muxtariyyətin rəsmi dili farer və Danimarka dilidir.
Farer adalarının ərazisi 1,4 min kvadrat kilometrdir.
VII-VIII əsrlərdə Farer adalarında şotlandlar məskən salıb. IX əsrdən isə bura vikinqlərin məskəninə çevrilib. XIV ərsədək adalar Norveçin tərkibinə daxil olub, sonradan idarəçilik Danimarka ilə birgə həyata keçirilib. 1814-cü ildən adalar Danimarkanın tərkibinə daxil olub.
1946-cı ildə Farer adaları Danimarkanın tərkibindən çıxmaq qərarına gəlib, ancaq buna imkan verilməyib. 1948-ci il aprelin 1-də bölgə muxtariyyət alıb.