Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində atəşkəs rejimini pozub: “Təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb. Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur”.
Novator.az-ın məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin hərbi qurumu iddia edir ki, fevralın 1-də Ağdərənin Talış kəndi istiqamətində döyüş olub. Qeyd olunur ki, Azərbaycanın xüsusi təyinatlıları kəşfiyyat əməliyyatı keçirmək istəyib və bu zaman toqquşma baş verib. Azərbaycan Ordusunun itkiyə məruz qaldığı, 1995-ci ildə Bərdədə doğulmuş hərbi qulluqçu Elnur Hüseynzadənin əsir alındığı bildirilir.
Fevralın 2-də Azərbaycanın Müdafiə Nazirliyi bu iddiaları təkzib edib: “Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”.