QHT-lərin sayı 4300-ü, KİV-lərin sayı 5100-ü ötüb

600 2

Ədliyyə Nazirliyi 2016-cı ildəki fəaliyyətinin hesabatını verib. Yanvarın 31-də nazir Fikrət Məmmədovun sədrliyi ilə geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur qurumlarının, regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi kollegiyada məlumat verilib ki, nazirlik əvvəlki illə müqayisədə 40% çox – 1100-dən artıq qanunvericilik aktının layihəsini hazırlayıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın belə aktı hüquqi ekspertizadan keçirib. Əhali üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasına 2615 sənəd daxil edilib və il ərzində həmin bazaya girişin sayı 2,7 dəfə artaraq 500 minə çatıb.

Novator.az-ın məlumatına görə, qeyd olunub ki, 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15700 vətəndaş nazirlikdə, bölgələrdə və virtual qəbul məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İl ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib.

2016-cı ildə dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb.

Diqqətə çatdırılıb ki, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub.

Hesabata görə, icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox – 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3519 şəxs inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanıb. Hesabat dövründə 8435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

Bildirilib ki, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 204 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 555 vakant ştat vahidi komplektləşdirilib.

Kollegiya iclasında qeyd olunub ki, ötən il prezidentin imzaladığı sərəncamla 148 nəfər əfv olunub, 28 may – Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, onlardan 1027-nə baxılaraq hamısı təmin edilib. Ötən dövrdə 6500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

edliyye-2

Bu materialda

Müzakirəyə qoşul

2 comments

  1. Məmməd Qurbanov. Cavabla

    Memmed Qurbanov MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI İLƏ BAĞLI ƏDLİYYƏ NAZİRİNİN QƏBULUNDA OLMUŞAM,ONUN TƏRƏFİNDƏN QƏRARIN İCRA EDİLMƏSİ İLƏ BAĞLI VERİLƏN TAPŞIRIĞA BU GÜNƏ KİMİ ƏMƏL OLUNMAYIB.KOLLEGİYANIN QƏRARINDA BELƏ HALLARIN DA YER ALMASI DAHA YAXŞI OLARDI.

  2. Məmməd Qurbanov. Cavabla

    Memmed Qurbanov MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI İLƏ BAĞLİ ƏDLİYYƏ NAZİRİNİN QƏBULUNDA OLMUŞAM,ONUN, BU QƏRARIN İCRA EDILMƏSİ İLƏ BAĞLI VERDİYİ TAPŞIRIĞA UZUN MÜDDƏTDİR Kİ, ƏMƏL OLUNMUR.KOLLEGİYA İCLASININ QƏRARINDA BELƏ HALLARIN DA YER ALMASI DAHA YAXŞI OLARDI. ONU DA QEYD EDİM Kİ, MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI ƏDLİYYƏ ORQANLARININ MÖVCUD HAKİMİYYƏTƏ HÖRMƏTSİZLİK ƏLAMƏTİDİR.

No widget found with that idNo widget found with that id