2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 8,9 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalı 3,4 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Hesabata əsasən, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz artıb.
Sənaye məhsullarına gəlincə, Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ildə istehsal 2015-ci ilə nisbətən 27,5 faiz, o cümlədən mədən sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz bahalaşıb.
2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7 faiz, o cümlədən mədən sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz artıb.
Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında da məlumat yayıb. Qeyd olunur ki, 2016-cı ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma milli valyutada 34,5 faiz bahalaşıb.
2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6 faiz, dəniz nəqliyyatında 3,7 faiz, avtomobil nəqliyyatında 1,3 faiz artıb.