İqtisadçı Samir Əliyev manatın tam üzən məzənnəyə keçidinin mümkün olmadığını düşünür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, maliyyə sektorunun dollarlaşması milli valyutanı zəiflədir və makroiqtisadi sabitliyi risk altında qoyur: “2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də, bu keçid tənzimləmə mərhələsində qalıb. Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür. Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edir, Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və prosesi uzadır.

Milli valyutanın sabitliyini qiymətləndirərkən tədiyyə balansının vəziyyətini nəzərə almaq çox vacibdir. Digər indikator bank sektorunun dollarlaşma səviyyəsidir. Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin mümkünsüz olduğunu görə bilərik.

Neft gəlirlərinin yüksək səviyyədə olduğu 2013-cü ildə Rusiyada əmanətlərin dollarlaşma səviyyəsi (17,4%) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyalar Rusiyada dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30%-dən də aşağı olub.

Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az idi, böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15%-ə qədər azalıb.

Hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır. Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15%-dən 2016-cı ilin 11 ayında 0,7%-ə düşüb. Qazaxıstanda göstəricilər 54,5% və 12,2% olub. Azərbaycanda isə 2015-ci ildə 31,79% artım olduğu halda 2016-cı ilin 10 ayında 21,8% azalma qeydə alınıb.

Azərbaycan qeyri-maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması səviyyəsinə görə də digər iki ölkəyə uduzur. Rusiya və Qazaxıstan dollarlaşma səviyyəsini üzən məzənnəyə keçiddən əvvəlki səviyyəyə qədər azalda biliblər. Rusiyada müəssisələrin depozitlərində dollarlaşma səviyyəsi 2013-cü il, Qazaxıstanda isə 2014-cü il səviyyəsinə düşüb. Azərbaycanda azalma müşahidə edilsə də, hələ ki, dollarlaşma yüksək səviyyədə qalır.

Böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub. Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan əmanətçiləri milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6% artıb, Qazaxıstanda isə təngə əmanətləri cəmi 0,6% azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9% olub.

Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edir. Halbuki Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çoxdur”.

Ekspert durumu milli valyutanın məzənnəsi ilə bağlayır: “Rus rublu 2015-ci ildə 29,6% ucuzlaşsa da, 2016-cı ildə 16,8% möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə 86,2% dəyər itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8% möhkəmləndirib. Manat isə 2015-ci ildə 98,8% dəyər itirəndən sonra 2016-cı ildə daha 13,6% ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur.

Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün əsas şərt iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabət qabiliyyətli daxili istehsalın mövcudluğudur. Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi sevgi hissi yox, real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id