“Ana qanun bir şəxsə uyğunlaşdırılmamalıdır”

1384 0

Türkiyədə konstitusiya islahatı layihəsi parlamentin müzakirəsinə təqdim olunub. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının da dəstəklədiyi layihə ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur.

Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.

Konstitusiya islahatı layihəsi referenduma çıxarılmaq üçün parlamentdən 330 səslə keçməlidir. Ədalət və İnkişaf Partiyasının parlamentdə 317, Milliyyətçi Hərəkat Partiyası 39 mandata sahibdir. Cümhuriyyət Xalq Partiyası (133 deputat) və Xalqların Demokratik Partiyası (59) konstitusiya islahatının əleyhinə çıxır.

REAL Hərəkatı İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Qasımlı Novator.az-a bildirib ki, konstitusiya islahatlarının Türkiyəyə necə təsir edəcəyi barədə danışmaq tezdir: “Nəticəni gələcək göstərəcək. Həm parlament respublikasının, həm prezident respublikasının müsbət və mənfi tərəfləri var. Dünyada elə parlament quruluşları var ki, orada demokratiya yoxdur. Məsələn, parlament respublikası olan Sinqapurda avtoritar idarə üsulu hökm sürür. Eynisini prezident respublikaları haqqında da demək olar. Uzağa getməyə gərək yoxdur, Azərbaycana baxaq. Tam əksi – demokratiyanın bərqərar olduğu parlament və prezident respublikaları da var.

Bir tərəfdən demokratik cəmiyyət quran, digər tərəfdən tərəqqiyə nail ola bilənlər tam uğurlu modellərdir. Birinci halda hər hansı konstitusion dəyişiklik, yəni sistem transformasiyası baş verirsə, bu, ictimai inkişaf prosesinin nəticəsi olaraq təzahür etməlidir. Yəni ana qanun bir şəxsə və ya bir oliqarx qrupun maraqlarına uyğunlaşdırılmamalıdır. Belə olan təqdirdə sistem sabit ola bilməz və tərəqqiyə də xidmət etməyəcək. Tərəqqi üçün isə azad mühit gərəkdir. Ümid edək ki, Türkiyədə baş verən siyasi proseslər və ana yasa dəyişikliyi tərəqqiyə və demokratiyaya xidmət edəcək”.

Konstitusiya dəyişikliyi layihəsi prezidentin həm dövlət başçısı, həm də hökumət başçısı olmasını nəzərdə tutur. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur. Prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir.

Layihədə parlamentin deputatlarının sayını 600-ə qaldırmaq, millət vəkili seçilmək yaşını 25-dən 18-ə endirmək təklif edilir. Parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır. Dövlət başçısının parlamenti buraxmaq, parlamentin isə prezidenti istefaya göndərmək səlahiyyəti olacaq. Bu hallarda prezident və parlament seçkiləri birlikdə keçiriləcək.

Hazırda Türkiyə prezidenti postunu Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan tutur. O, 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id