Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır. Onlar lazımi qida, keyfiyyətli təhsil və tibbi yardım almaq imkanından məhrumdur. AZƏRTAC-ın məlumatına görə, BMT-nin Uşaq Fondunun (UNİCEF) yeni hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, dünyada hər dördüncü uşaq fövqəladə humanitar vəziyyət şəraitində yaşayır. Suriyanın 16 rayonunda yarım milyon uşaq humanitar yardım almır. Afrikada 393 milyon uşaq münaqişələr və digər böhranlar şəraitində yaşayır. Yaxın Şərq və Şimali Afrika ölkələrində isə bütün uşaqların 12 faizi belə vəziyyətdə yaşamağa məhkumdur.
50 milyon uşaq məcburi köçkün həyatı yaşayır. Onların yarıdan çoxu belə vəziyyətə münaqişə nəticəsində düşüb. Yalnız Nigeriyanın şimalında 1,8 milyon nəfər məcburi köçkünə çevrilib, onların da yarıdan çoxu uşaqlardır. Əfqanıstanda zorakılıq və silahlı toqquşmalar nəticəsində bütün uşaqların təxminən yarısının ibtidai təhsil almaq imkanı yoxdur. Yəməndə isə münaqişənin nəticələri bu və ya digər dərəcədə 10 milyon uşağın həyatını korlayıb.