ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək hökumətində dövlət katibi (xarici işlər naziri) postuna adı ən çox hallanan şəxs Mitt Romnidir. Novator.az onun barəsində qısa arayışı təqdim edir.
Mitt Romni 1947-ci ildə Detroyt şəhərində anadan olub. Onun atası Corc Romni 1969-1973-cü illərdə ABŞ-ın şəhər inkişafı və tikinti naziri postunu tutub.
Mitt Romni dini təmayüllü Brihem Yanq Universitetini (humanitar elmlər bakalavrı dərəcəsi ilə) və Harvard Universitetini (hüquq doktoru və işgüzar idarəçilik magistri dərəcələri ilə) bitirib.
Uzun illər “Bain Capital” investisiya şirkətinə rəhbərlik edən Mitt Romni siyasətə 1994-cü ildə qatılıb. 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.
2012-ci ilin prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olan Mitt Romni demokrat Barak Obamaya uduzub. Barak Obama Seçicilər Kollegiyasına 332, Mitt Romni 206 nümayəndə qazanıb.
Mitt Romni xristianlıqda mormonizm kimi tanınan cərəyanın nümayəndəsidir. Bu cərəyanın əsasını 1820-ci ildə Nyu-York ştatında Cozef Smit qoyub. Son Günlərin Müqəddəsləri Kilsəsinə tapınan mormonlar 1830-cu ildə dərc olunmuş “Mormonun kitabı”nı yer üzünün ən düzgün kitabı sayırlar.