2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 milyon 154,5 min ton olub. Yüklərin 63,2 faizi avtomobil nəqliyyatı, 27,5 faizi dəmir yolu nəqliyyatı, 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasında azalmalar (müvafiq olaraq 12,7 faiz və 27,1 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini tranzit yüklər təşkil edib.
2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,4 faiz artıb.