Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradıldı
Noyabrın 11-də prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılmasına sərəncam verib.
İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, üzvləri Abid Şərifov (baş nazirin müavini), Zeynal Nağdəliyev (Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri), Hacıbala Abutalıbov (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı), Kəmaləddin Heydərov (fövqəladə hallar naziri), Ramil Usubov (daxili işlər naziri), Abbas Ələsgərov (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), Qorxmaz Hüseynov (“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri), Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri), Balababa Rzayev (“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri), Saleh Məmmədovdur (“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri).
İşçi qrupuna Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etmək və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmək tapşırılıb.
Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər iki ay müddətində prezidentə təqdim edilməlidir.
Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflər də iki ay müddətində hazırlanmalıdır.