Noyabrın 11-də Dövlət Statistika Komitəsi avtomobil yollarında 2016-cı ilin yanvar-sentyabr aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb. Zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş verib, nəticədə 374 nəfər həlak olub, 1453 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.