Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 8-də keçirilmiş parlament seçkisinin ilkin rəsmi nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, səslərin sayılmasının başa çatdığı, proporsional sistem üzrə Demokratik Gürcüstan Partiyasının (“Gürcü arzusu”) 48,65%, Vahid Milli Hərəkat Partiyasının 27,12%, Gürcüstan Vətənpərvərləri Alyansının 5%-lə parlamentə düşdüyü bəyan olunub. 150 yerlik parlamentin 77 mandatı bu üç qüvvə arasında bölünəcək.
73 mandat uğrunda mübarizənin getdiyi majoritar sistemə gəlincə, 52 dairədə heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün ikinci tur keçiriləcək.
Hökumət qurmaq üçün 76 mandat gərəkdir. İlk turda “Gürcü arzusu” 69 mandat qazanıb.
AZƏRTAC xəbər verir ki, parlament seçkisində 4 azərbaycanlı da deputat mandatı qazanıb. Hakim “Gürcü arzusu”ndan proporsional siyahı üzrə Mahir Dərziyev, majoritar siyahıdan Savalan Mirzəyev, Ruslan Hacıyev mandat götürüblər.
Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.
İkinci tura çıxanlar arasında da azərbaycanlı var: Əhməd İmamquliyev.