Yükdaşıma və kənd təsərrüfatı: qiymətlər necə dəyişib?
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma milli valyutada 34,4 faiz bahalaşıb.
Cari ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz artıb.
Novator.az Dövlət Statistika Komitəsinin başqa bir hesabatına istinadla bildirir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz enib, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz artıb.
2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı uyğun olaraq 1,7 və 0,5 faiz bahalaşıb.