Azərbaycan ərazisində dekabrın 1-dən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq, kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.
Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev deyib ki, analoq formatda KATV1 və “Ailə TV” kabel operatorlarının xidmətlərindən istifadə edənlər dekabrın 1-dən sonra da bu yayımdan faydalanacaqlar.
AZƏRTAC-ın məlumatına görə, Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və dekabr ayından sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır: “Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almağa ehtiyac yoxdur. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının sentyabr ayında qəbul etdiyi qərar əsasən, yerüstü yayımlanan TV proqramlarının analoq yayımı 1 noyabr 2016-cı ildən Bakı və Abşeron yarımadasında, 1 dekabr 2016-cı ildən digər bölgələrdə dayandırılacaq.
Şura Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması və dekoderlərin satışının təşkilini də tövsiyə edib. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan dekoderləri (“Set-Top-Box”ların) əldə etmək xahiş olunub.