Ermənistanın Statistika Xidməti istehlak məhsulları və xidmətlərin qiymətlərinə dair 9 aylıq göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Ermənistanda qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% düşüb.
Ötən ay istehlak 2015-ci ilin sentyabr ayı ilə müqayisədə 1,9% ucuzlaşıb. Ərzağın (o cümlədən spirtli içki və tütün məmulatlarının) qiymətlərində 3,3%, qeyri-ərzaq mallarının dəyərində 3,8% azalma qeydə alınıb. Xidmətlər isə ötən ilin sentyabr ayına nəzərən 1,4% bahalaşıb.
Sentyabr ayında bu il ərzində ilk dəfə Ermənistanda 0,1% qiymət artımı olub. Rəsmi açıqlamaya əsasən, xidmətlərin qiyməti 0,6%, qeyri-ərzaq məhsullarının qiyməti 0,2% artıb. Ərzaqda isə ötən ay 0,3% ucuzlaşma olduğu bildirilir.
Novator.az xatırladır ki, rəsmi hesabata görə, yanvar-sentyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 11,2% qalxıb. Dövlət Statistika Komitəsi ərzaq məhsullarının qiymətlərinin 12,7%, qeyri-ərzaq məhsullarının qiymətlərinin 15,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin 5,2% artdığını bəyan edib.