“Elmlər Akademiyası”nın 1-ci vestibülü istifadəyə verilib

507 0

“Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülü istifadəyə verilib.

Paytaxtın ən mühüm təhsil və elm ocaqlarının, eləcə də dövlət müəssisələrinin yaxınlığında yerləşən “Elmlər Akademiyası” stansiyası metropolitenin dərin özüllü stansiyalarından biridir. Stansiyanın memarları akademik M.Useynov və Q.B.Rəcəbovdur.

“Elmlər Akademiyası” stansiyası 1985-ci il dekabrın 31-də istismara verilib və paytaxtın yeni rayonlarını şəhərə birləşdirən bir qovşaqda yerləşir. Onun tikintisi mürəkkəb geoloji şəraitdə inşa olunub. Stansiya 44 metr dərinliyə malikdir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti bildirir ki, uzun illər stansiyanın bir giriş-çıxışının olması, burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu. Belə ki, stansiyadan gün ərzində 33-35 min sərnişin istifadə edir.

2015-ci il dekabrın 28-də stansiyanın ikinci giriş-çıxışı istifadəyə verilib.

Fəaliyyətinin 30 ili 2015-ci ilin sonlarında tamam olan “Elmlər Akademiyası” stansiyasının əsas vestibülü isə beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verilib.

2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan “Viktoriya” tipli yeni, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib.

Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb.

Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır.

Vestibülün, eskalator zalının mərmər örtüyü istismar müddətini başa vurduğu, qranit döşəmənin bir çox elementləri keyfiyyətini itirdiyi üçün tamam yenilənib.  Stansiyada sarı zolaq quraşdırılıb. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub.

Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib və metropolitenin ən giriş-çıxışlı stansiyalarından birinin mikroiqlim şəraitinin yaxşılaşdırılmasına xidmət göstərir. Havalandırma sisteminə eskalatorların maşın zalı da qoşulub. Vestibülün girəcəyində temperatur rejiminin nizamlanması məqsədilə “hava pərdələri” quraşdırılıb.

Kassa və eskalator zallarında döşəməaltı isitmə sistemi tətbiq edilib. Kassa zalında işıqlandırma sistemi yenidən qurularaq, müasir büllur çilçıraq asılıb. Həmçinin stansiyanın girişində, eskalator zalında, eskalatorların ballüstradalarının üstündə LED tipli lampalar quraşdırılıb.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın yaxınlığında yerləşən ərazidə abadlıq işləri görülüb. Çıxış tərəfdə piyada yolunu küçənin hərəkət hissəsindən ayıran sahədə yaşıl zolaq salınıb, ətrafa asfalt döşənib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id