Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun mühakiməsini başa çatdırıb. APA-nın məlumatına görə, sentyabrın 8-i hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərova hökm oxunub. 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərov məhkəmə zalında həbs olunub. Sabiq müstəntiq Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib.
Sentyabrın 7-də keçirilən prosesdə prokuror Rüfət Səfərova 10 il azadlıqdan məhrumetmə cəzası verməyi təklif etmişdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Sabiroğlu həmin vaxtlar mediaya açıqlamalarında hakimiyyətin ayrı-ayrı yüksək fiqurlarını, ən çox da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt tənqid edib. Partiyanın ayrı-ayrı məsul şəxsləri buna cavab olaraq Eldar Sabiroğlunu qınayan açıqlamalar veriblər və onun ittihamlarının əsassız olduğunu vurğulayıblar.
Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. Bu il yanvarın 15-də Rüfət Səfərov həbs edilmiş, yanvarın 22-də isə ev dustaqlığına buraxılmışdı.