Moldova separatçılarının başçısı Rusiyaya birləşmək fərmanı imzalayıb
Moldovada rusların sıx yaşadığı bölgədə qurulmuş separatçı “Dnestryanı Moldova Respublikası”nın “prezidenti” Yevgeni Şevçuk sentyabrın 9-da bölgənin Rusiyaya birləşdirilməsi hazırlıqlarına başlamaq fərmanı imzalayıb. Transparency.az-ın məlumatına görə, fərman “Dnestryanı Moldova Respublikası”nın hüquq sisteminin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərini nəzərdə tutur. Bunun üçün xüsusi komissiya yaradılacaq.
Dnestryanı rejim Moldovadan ayrıldığını 1990-cı illərin əvvəllərində elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.
2006-cı il sentyabrın 17-də separatçı rejimin keçirdiyi “referendum”da gələcəkdə Rusiyaya birləşmək qərarı verilib. Qondarma rejimin “parlamenti” 2013-cü ildə “respublika” ərazisində Rusiya qanunvericiliyinin tətbiqi haqda qanun qəbul edib.