“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Qərar avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Qərarı ötən il sentyabrın 1-də jurnalistin 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarmış, Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası verib.
Jurnalistə verilmiş külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq ittihamı külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq ittihamı ilə əvəzlənib. Xədicə İsmayıl ittihama xitam verilməsini istəyirdi.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə 2016-cı il mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və Xədicə İsmayıl 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya mövzusunda araşdırmalarına görə cəzalandırıldığını bildirir.