Azərbaycana rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhani avqustun 7-si Bakıda dövlət başçısı İlham Əliyevlə təkbətək görüşüb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması, hökumətlərarası komissiyanın fəaliyyəti, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu və turizmin inkişaf etdirilməsi, hava nəqliyyatı, dəmir yolu, səhiyyə, əczaçılıq, bank sahələrində, o cümlədən Xəzər dənizində əməkdaşlıq, “Şimal-Cənub” layihəsinin önəmi məsələləri müzakirə olunub.
AZƏRTAC-ın məlumatına görə, geniş tərkibdə görüşdən sonra prezidentlərin iştirakı ilə Azərbaycan-İran sənədləri imzalanıb. Həmin sənədlər “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019)”; “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”; “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”dir.
İlham Əliyev və Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər. Azərbaycan prezidenti deyib ki, son bir neçə il ərzində İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var: “Qarşılıqlı rəsmi səfərlərin təşkili də bu istiqamətdə atılan çox önəmli addımlardır. Mən bu ilin fevral ayında İranda rəsmi səfərdə idim. İndi Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələr çox sürətlə, dinamik şəkildə inkişaf edir və yaxşı nəticələr var.
Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanıb. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir. Bu gün də həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizin bütün sahələri müzakirə edildi və müzakirələr çox konstruktiv şəkildə aparıldı. Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək”.
Dövlət başçısı iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: “Geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb. Bu, çox gözəl göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı hələ də davam edir, bu şəraitdə bu nailiyyəti əldə etmək üçün, hesab edirəm, böyük səylər qoyulmalı idi və qoyuldu. Hökumətlərarası birgə komissiya çox uğurla, fəal işləyir.
Avqustun 6-da Neftçala şəhərində “İran Khodro” şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox gözəl nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır.
Digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur.
Energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə, həm də regional əməkdaşlığa çox müsbət təsir göstərəcək.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Keçən il fevral ayında İrandan qayıdandan sonra mən müvafiq göstərişlər vermişəm, onlar icra edilir. Söz verdiyim kimi, bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Bununla bərabər bu il İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Astaraçay üzərində körpünün tikintisi başlanıb və işlərin böyük hissəsi görülüb. “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrasını sürətləndirmək üçün memorandum imzalanıb və Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır”.
Həsən Ruhani qeyd edib ki, hökumətlərarası müştərək komissiyanın rüsumların azaldılması istiqamətindəki fəaliyyəti müvafiq sazişin bağlanmasına gətirib çıxarmalıdır: “Bizim əsas məqsədimiz iki ölkə arasında azad ticarətin bərqərar olmasıdır. Avrasiya ölkələri arasında əlaqələrimizin genişlənməsi baxımından rüsumların azaldılması ilə bağlı apardığımız məsləhətləşmələr Azərbaycanla da aparılsa, müəyyən məsələlər barədə razılığa gələ bilər və sazişlər imzalaya bilərik.
Ölkələrimiz arasında bank sahəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu məsələ iqtisadi əlaqələrin, eləcə də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından möhkəm əsas kimi qəbul edilir. Bu gün Mərkəzi bankların rəhbərlərinin iştirakı ilə bank sektoru ilə bağlı sənəd imzalandı. Biz istəyirik ki, ölkələrimizin bank sahəsindəki əlaqələri elə bir səviyyəyə uyğunlaşdırılsın ki, bütün sahələrdə iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün zəmin yarada bilsin”.
İran prezidenti deyib ki, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, bu sahəyə sərmayə qoyuluşu, qarşılıqlı uçuşların yerinə yetirilməsi gediş-gəlişin artmasına səbəb olacaq: “Bununla əlaqədar vizaların verilməsi prosesinin asanlaşdırılması məqsədilə zəruri tədbirlər görülməlidir. Vətəndaşlarımız hər iki ölkəyə səfər etmək istəyir və bu səfərlər onların mənafeyinə cavab verir.
Əsas məsələlərdən biri də tranzit məsələsidir. Xüsusilə “Şimal-Cənub” dəhlizi həm iki ölkə, həm də region ölkələri üçün əhəmiyyət kəsb edir. Bu dəhlizin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsi və bu məsələ ilə əlaqədar İranda inşa ediləcək terminal olacaq. İkinci məsələ Astara-Rəşt dəmir yolunun bir-birinə bağlanmasıdır ki, ölkələrimiz bu sahəyə sərmayə yatıracaq, ortaq bir iş görüləcək, sərmayə qoyuluşunun 50 faizi İrandan, 50 faizi isə Azərbaycandan təmin ediləcək. İnşallah, hər iki tərəfin göstərdiyi səylər nəticəsində bu dəmir yolu tezliklə istifadəyə veriləcək və Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışını təmin edəcək bu dəhliz böyük iqtisadi dividendlər verəcək”.
Həmin gün prezident İlham Əliyevin adından Həsən Ruhaninin şərəfinə ziyafət verilib.