Böhranın dəxli yoxdur: milyarderlər daha da varlanıb
2015-ci ildə dünyada iqtisadi böhrana, bazardakı təlatümlərə baxmayaraq milyarderlər öz varidatlarını artıra biliblər. Novator.az-ın məlumatına görə, “The Wall Street Journal”da dərc olunmuş araşdırma bunu göstərib.
“Wealth-X” analiz şirkətinin araşdırması nəticəsində üzə çıxıb ki, dünyada var-dövləti 1 milyard dollar və daha çox olan adamların varidatının ümumi həcmi 5,4% artaraq ən yüksək həddə – 7,7 trilyon dollara çatıb. Şirkətin araşdırmasında müqayisə üçün xatırladılır ki, ABŞ-ın ümumi daxili məhsulu 17 trilyon dollar həcmindədir.
Araşdırmaya görə, 2015-ci ildə milyarderlərin sayı da artıb: 6,4%. Beləliklə, həmin il dünyada milyarderlərin ümumi sayı 2473 nəfərə çatıb. “Wealth-X” şirkətinin təmsilçisi Devid Barks bunu belə izah edir ki, pul pul gətirir, zənginlik daha çox var-dövlət toplamağa kömək edir.
2015-ci ilin yekun hesablamasına görə, milyarderlərin çoxu, daha dəqiqi, 1013 nəfəri Avropa, Yaxın Şərq və Afrikada yaşayır. İkinci yerdə Şimali və Cənubi Amerika gəlir – burada 782 nəfər milyarder var. Sonrakı yeri Asiya-Sakit Okean bölgəsi tutur. 2015-ci ildə bu bölgədə milyarderlərin sayı xeyli artaraq 678 nəfərə çatıb.
Varidatının həcminə görə ABŞ milyarderləri hamıdan öndə gedir. Bu ölkədə milyarderlərin ümumilikdə 3 trilyon dolları var.