Fransa prezidenti Fransua Olandın bərbəri ayda 10 min avroya yaxın maaş alır. Bunu Fransa mətbuatı “Yeliseydən” kitabına istinadla yazıb. Kitabın müəllifləri jurnalistlər Əziz Zemmuri və Stefani Martodur.
Novator.az xəbər verir ki, kitabda bərbərin kimliyi tam açıqlanmayıb və fotosu dərc olunmayıb. Bildirilir ki, bərbər Fransua Oland prezident seçilən il (2012) Yelisey sarayında işə götürülüb. Həmin ildən bağladığı müqaviləyə əsasən, o, ayda 9 min 895 avro maaş alır. Bu, ölkə prezidentinin maaşından 5 min avro azdır.
Ancaq bərbərin qazancı təkcə maaşdan ibarət deyil. O, əlavə ödənişlər, müavinətlər də alır.
Bərbərin vəkili Sara Levin deyib ki, bərbər bütün günü prezidentin sərəncamındadır. O, hətta uşaqlarının ad günlərində iştirak edə bilməyib, övladları xəstələnib əməliyyat olunanda onlara baş çəkməyə vaxt tapmayıb.
“Yeliseydən” kitabında yazılana görə, bərbərin iş günü çox erkən başlayır və o, prezidenti ezamiyyələrdə də müşayiət edir.