Torpaq müfəttişləri 500-ə yaxın qanun pozuntusu aşkar edib
Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri Binəqədi rayonunda Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda reydlər keçirib. Rəsmi məlumata görə, Xəzər dənizinin dövlət mülkiyyətində saxlanan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsinin qanunsuz olaraq torpaq sahələri ayırması halları aşkar edilib.
Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Bu torpaqlardan 50 hektar ərazini müxtəlif vətəndaşlar qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlayıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.
Torpaq reydləri zamanı bilinib ki, Hövsan-Türkan yolunun şimal tərəfində ayrı-ayrı şəxslər təqribən 1,9 hektar torpaq sahəsini heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt edib, hasarlayıb və müxtəlif tikinti işləri aparıb.
Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.
Rəsmi hesabata əsasən, 2016-cı ildə torpaq müfəttişləri torpaqlardan istifadə ilə bağlı 500-ə yaxın qanun pozuntusu aşkar edib. Bu hallar əsasən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır.
İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230-dan çox halla bağlı inzibati protokol tərtib olunub, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.