Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başlayıb. İyunun 6-da fondun fəaliyyətə başlaması və onun saytının istifadəyə verilməsi ilə bağlı media-brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu müvafiq dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub.
Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Kredit üçün müraciət edənlər müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilərlər.