Qazaxıstandakı qanlı hadisələrin təfərrüatı açıqlanıb
Qazaxıstanın Daxili İşlər Nazirliyi Aktobe şəhərində baş verən qanlı hadisələr barədə rəsmi açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, iyunun 5-i yerli vaxtla saat 14:28-də bir qrup dini radikal “Pallada” silah mağazasına hücum edib. Satıcı həyəcan siqnalı verib, çoxsaylı bıçaq zərbələrindən yerindəcə həlak olub. Həyəcan siqnalına gələn özəl mühafizə xidmətinin iki əməkdaşından biri öldürülüb, ikincisi odlu silahdan yaralanıb. Ardınca mağazaya polis əməkdaşları özünü yetirib. Onlar silahlı müqavimətlə üzləşiblər. Atışma zamanı 3 polis əməkdaşı yaralanıb, hücumçu dəstə isə patrul maşınını ələ keçirib.
“Pallada” mağazasından 17 ədəd odlu silahın, 3 ədəd qaz tapançasının, patron və bıçaqların oğurlandığı bildirilir.
Mağazanı yardıqdan sonra dəstə iki qrupa bölünüb. Altı nəfərdən ibarət qrup patrul maşını ilə digər silah mağazası “Pantera”ya hücum çəkib. Burada iki nəfərə bıçaq xəsarəti yetirilib, onlardan biri həlak olub. Polis əməkdaşları “Pantera” mağazasına gələndən sonra atışmada 3 hücumçu öldürülüb, 1-i yaralanıb və tutulub, 2-si qaçıb. Sonradan onlar şəhərin kənarında öldürülüblər.
İkinci qrup marşrut avtobusunu ələ keçirib, sərnişinləri düşürdükdən sonra onunla Milli Qvardiyanın hərbi hissəsinə hücum çəkib. Burada hərbçilər və polis əməkdaşları ilə atışmada hücumçuların bir qrupu mühasirəyə alınıb, digəri hərbi hissənin ərazisini tərk edib. Hücumçulardan biri öldürülüb, biri yaralanıb. Milli Qvardiyanın isə 3 əməkdaşı həlak olub, 6 nəfər yaralanıb.
İyunun 6-na keçən gecə aparılam əməliyyat-axtarış tədbirlərində polisə müqavimət göstərən 5 hücumçu öldürülüb, 2-si tutulub. “Pallada” mağazasına hücum cinayətində şübhəli bilinən daha 5 nəfərin tutulduğu bildirilir.
Rəsmi məlumata görə, Aktyubinsk vilayətində antiterror rejimi elan olunub, polis nəzarəti gücləndirilib.