İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta ehtiyatlarında artımı şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, artım valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verə bilər: “Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən üçdə birini təşkil edən avro dollara münasibətdə mart ayında 5,4 faiz artaraq 1,08 dollardan 1,138 dollara yüksəlib. Bu isə təxmini hesablamalara görə, 60-65 milyon dollar əlavə artım deməkdir.
Ötən ay ehtiyatda üçüncü ən böyük paya malik ingilis funtu dollara nisbətən 3,3 faiz bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-nə yenidən qiymətləndirilməsi nəticəsində ehtiyatların artımı baş verib”.
Aprelin 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 milyard 65,8 milyon dollar olub. Bu, martın 1-nə olan göstəricidən 39,5 milyon dollar çoxdur. Bir ay öncə rəsmi valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar idi.
Mərkəzi Bankın hesabatına görə, pul bazası da artıb. Martın 1-nə pul bazasının həcmi 6 milyard 388,5 milyon manat olub, aprelin 1-nə göstərici 6 milyard 535,8 milyon manata çatıb. Bu, 147,3 milyon manat artım deməkdir.
Ekspert Samir Əliyevin fikrincə, aprel ayında vəziyyət Dövlət Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq: “Dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Çünki dollar təklifinin artması Mərkəzi Bankı alış həyata keçirtməyə məcbur edəcək. Ancaq manatın möhkəmlənməsi, yəni 1 dolların 1,50 manat həddini də keçməsi hökumətə sərf etmir. Dövlət Neft Fondunun digər öhdəlikləri onun bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyard dollardan aşağı düşməsinə imkan verməyəcək”.