Ermənistan prezidenti Serj Sərkisyan aprelin 4-ü paytaxt Yerevanda ATƏT ölkələrinin səfirləri ilə görüşüb. Novator.az-ın məlumatına görə, Qarabağ cəbhəsində aprelin 2-dən davam edən savaşdan söz açan Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ rejimi ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə hazırlanır.
Serj Sərkisyan deyib ki, hərbi əməliyyatların vüsət alması ağır nəticələrə, hətta genişmiqyaslı müharibəyə gətirə bilər, bu isə təkcə Cənubi Qafqazda deyil, bütün Avropada təhlükəsizliyə və sabitliyə mənfi təsir edəcək. O əlavə edib ki, hərbi əməliyyatlar genişlənsə, Ermənistan Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanıyacaq.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistana birləşmək istəyi ilə separatçı hərəkat başlayıb. Bu hərəkat müharibə ilə nəticələnib. 1991-ci ildə Dağlıq Qarabağ bölgəsi müstəqillik elan edib, savaş şiddətlənib. Hazırda Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı digər 7 Azərbaycan rayonu Ermənistanın işğalı altındadır. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Bu il aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri keçirib və bəzi məntəqələri azad edib. Ara verməyən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 15 hərbi qulluqçusu şəhid olub.
Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Ancaq ermənilər atəşkəsə riayət etmir.