Nazir müavinlərinin təyinatını nazirlərə vermək olarmı?
Azərbaycan Konstitusiyasına görə, baş naziri, onun müavinlərini, nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin etmək prezidentin səlahiyyətindədir. Nazirliklərin və başqa mərkəzi icra hakimiyyəti orqanlarının statusu dövlət başçısının təsdiqlədiyi əsasnamələr çərçivəsində tənzimlənir. Bu əsasnamələrə nəzər salanda Nazirlər Kabineti qurumlarının tək rəhbərlərini yox, müavinləri də prezidentin təyin etdiyi görünür.
Nazirin və ya komitə sədrinin özünə müavin təyin etmək səlahiyyətinin olmaması idarəçilik prinsipi baxımından nə dərəcədə doğrudur? Nazir müavinlərinin təyinatını nazirlərə vermək olarmı? Transparency.az bu sualı Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədova, Xalq Partiyasının sədri, sabiq dövlət katibi və baş nazir Pənah Hüseynə, hüquqşünas Ələsgər Məmmədliyə ünvanlayıb.
Vahid Əhmədov indiki təyinat praktikasını doğru sayır: “Nazir və nazir müavinləri birbaşa dövlət başçısına tabe olan məmurlardır. Mərkəzi icra hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxsləri ciddi məsuliyyət daşıyırlar. Bəzən bir çox məsələ ilə birbaşa nazir məşğul olmur, bu işləri müavininə tapşırır. Həmin məsələlər haqqında prezidentə də müavin hesabat verir. Ona görə də mərkəzi icra hakimiyyəti orqanlarında müavinləri vəzifəyə prezidentin təsdiq etməsi qanunauyğundur və düzgündür.
Bəzi ölkələrdə prezident nazirləri, onlar isə öz müavinlərini vəzifəyə təsdiq edir. Amma biz, görünür, hələ o səviyyəyə çatmamışıq. Yəqin demokratik proseslər inkişaf edib genişləndikcə Azərbaycanda da bu qaydaya keçilə bilər”.
Pənah Hüseyn də nazir müavinlərini prezidentin təyinat etməsini məqsədəuyğun sayır: “Belə təyinat forması nazir müavinlərinin idarəçilikdə müstəqilliyinə təminat verir. Bir vaxtlar nəinki nazir müavinlərini, Nazirlər Kabinetinin bəzi şöbələrinə rəhbərləri də prezident təyin edirdi.
Azərbaycanda idarəçilik sistemi sərt prezident idarə üsulunun dominantlığı əsasında qurulub. İdarəçilik sistemi konstitusion qaydada dəyişməsə, hansısa kosmetik, ikinci dərəcəli islahatlarla irəli getmək mümkün deyil. Ölkədə parlamentə həqiqi hesabatlı hökumət fəaliyyət göstərərsə, təyinat formasında dəyişiklik də diqqət mərkəzinə gətirilə bilər”.
Ələsgər Məmmədli mərkəzi icra hakimiyyəti orqanı rəhbərlərinin özünə müavin götürmək səlahiyyətinə sahib olmamasını onların asılılığı ilə əlaqələndirir: “Siyasi baxımdan hökumətin fəaliyyətinə prezident cavabdehdir. Nazir ayrıca siyasi məsuliyyət daşımır və onu vəzifədən ancaq prezident azad edə bilər. Müstəqil məsuliyyəti yoxdur deyə özünə müavini təyin etməsi də məntiqli deyil. Səlahiyyət kimdədirsə, məsuliyyət də ondadır”.
Поделиться “Nazir müavinlərinin təyinatını nazirlərə vermək olarmı?”