Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 4-də moldovalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətdən də danışıb.
Novator az xəbər verir ki, Lavrov Qarabağda atəşin dayandırılması üçün Rusiyanın səylərini davam etdirdiyini deyib: “Biz Rusiya prezidentinin, Müdafiə və Xarici İşlər nazirliklərinin mövqeyini Azərbaycan və Ermənistandakı həmkarlarımıza çatdırmışıq. Ciddi narahatlıq ifadə etmişik, onlara Rusiya prezidentinin atəşkəs rejiminin tez bir zamanda bərpa olunmasının vacibliyi ilə bağlı müraciətini çatdırmışıq. Ümid edirəm ki, çağırsalar uğurlu olub. Hər halda tərəflər bildiriblər ki, lazımi əmrlər verilib. Amma biz bu gün də münaqişənin davam etdiyini eşidirik. Biz Moskva, Vaşinqton və Parisin siqnallarını eşitdirmək üçün Bakı və Yerevanla əlaqə saxlamaqda davam edirik”.
Aprelin 2-də Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Ermənistanın müdafiə naziri Seyran Ohanyanla telefonla danışıb.
Həmin gün Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib. Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub.
Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib. Ancaq ermənilər atəşi dayandırmır. Aprelin 4-nə olan rəsmi məlumata görə, yeni döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 3 hərbi qulluqçu itirib.
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, erməni tərəfinin itkiləri qat-qat çoxdur.