Cəbhədə yeni döyüşlər: Azərbaycan ordusu 3 şəhid verdi
Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhədə vəziyyətlə bağlı yeni məlumat yayıb. Məlumatda deyilir: “Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.
Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir”.
Transparency.az xatırladır ki, aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib. Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub.
Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.