Martın 10-da dövlət başçısı İlham Əliyev Rüfət Aslanlını Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədr təyin edib.
Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulur, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur.
Prezident İlham Əliyev martın 10-da Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiq edib. Nizamnaməyə görə, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.
Transparency.az bildirir ki, Rüfət Cəbrayıl oğlu Aslanlı 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Aqrar Sənaye Bankında iqtisadçı, aparıcı iqtisadçı, Milli Bankın Baş Pul-Kredit Siyasəti və Valyutanın Tənzimi İdarəsində aparıcı iqtisadçı, baş iqtisadçı, həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb.
2000-ci ilin iyul ayından Milli Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub, 2001-ci ildə İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə Milli Bankın baş direktoru vəzifəsinə təyin edilib. 2007-ci ildən İdarə Heyəti sədrinin müavini olub.
Rüfət Aslanlı 2008-ci ilin noyabr ayından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədrlik edib.