Martın 2-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının işi üzrə iki məhkəmə prosesi keçirilib.
Bunlardan birincisi Fuad Qəhrəmanlının istintaq dövründə girov müqabilində həbsdən buraxılması barədə olub.
Fuad Qəhrəmanlı ilə bağlı ikinci məhkəmə prosesi isə Baş Prokurorluğun təqdimatı əsasında keçirilib. Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib.
Qapalı keçirilən hər iki məhkəmə prosesində Fuad Qəhrəmanlı özü də iştirak edib. Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq” radiosuna bildirib ki, girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət təmin olunmayıb: “Hakim qərarında vəsatətimizi rədd etməsinin səbəbini əsaslandırmadı. Bu əsassız qərardan da apellyasiya şikayəti verəcəyik”.
Vəkil deyir ki, həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimata hakim Şəlalə Həsənovanın baxmasına etiraz etmək istəyib. Lakin Fuad Qəhrəmanlı imkan verməyib: “Çünki Fuad Qəhrəmanlı saxlanıldığı gün onun barəsində heç bir əsas olmadan həbs qətimkan tədbirinin seçilməsinə dair qərarı da bu hakim vermişdi. Üstəlik, Fuad Qəhrəmanlıya elan olunan ittihamlar az ağır cinayətlər kateqoriyasına daxil olduğu halda, bu xanım hakim öz qərarında ittihamı ağır cinayətlər kateqoriyasına aid eləmişdi. Məsləhətləşərkən Fuad Qəhrəmanlı bildirdi ki, “etiraza ehtiyac yoxdur. Çünki bundan alıb hansı hakimə versələr, o da deyiləni yerinə yetirəcək”.
Fəxrəddin Mehdiyev məhkəmə iclasında həbs müddətinin uzadılmasına etiraz edib: “Bildirdik ki, bu iş artıq məhkəməyə göndərilməlidir. Biz Fuad Qəhrəmanlı barəsində cinayət işini də, həbs qətimkan tədbiri seçilməsinə dair qərarı da qanunsuz hesab edirik. Bununla belə, istintaqın səmərəliliyi baxımından, istənilən halda, cinayət işi məhkəməyə göndərilməlidir. Demək olar ki, Fuad Qəhrəmanlı ilə bağlı heç bir istintaq hərəkəti aparılmır. İstintaq aparılmadığı halda, həbsdə saxlanılması isə ona əzab, işgəncə verməkdən başqa bir şey deyil”.
Məhkəmə iclasında Fuad Qəhrəmanlının hakimə müraciəti olub: “Hakimə müraciət edib dedi ki, “müşavirə otağına getməyə dəyməz, çünki istəsəniz belə, qərarı dəyişə bilməzsiniz. Nə deyiblərsə, o da olacaq. İstənilən halda, bu məhkəmələrdə hüquq qorunmur, tapdalanır. Ona görə heç getməyin, elə qərarı oxuyun, bitsin”.
Məhkəmə prokurorluğun təqdimatını təmin edib və Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Fəxrəddin Mehdiyev bildirir ki, bu qərardan da apellyasiya şikayəti veriləcək.
F.Qəhrəmanlı 2015-ci il dekabrın 8-də tutulub. O, Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilir. Nəsimi Rayon Məhkəməsi həmin vaxt onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. F.Qəhrəmanlı özü və müdafiəçiləri ittihamları qəbul etmir, bunu siyasi sifariş adlandırırlar.
Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.