“2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır”. Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov martın 3-də keçirdiyi mətbuat konfransında belə deyib.
Azad Cavadovun sözlərinə görə, əmanətçi martın 1-nə qədər xarici valyuta ilə 12%-lə 10000 dollar vəsait yerləşdiribsə, bir il müddətinə bu əmanətçinin müddəti bitənədək əmanəti qorunur və sığortalanır. Əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan hədd sığortlanmır. 1 mart 2016-cı ildən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər sığorta olunmur və onlara görə kompensasiya ödənilmir”.
APA-Economics-in məlumatına görə, fond sədri deyib ki, lisenziyaları ləğv olunan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçilərinə bu günədək ümumilikdə 93 milyon manat vəsait ödənib: “Həmin üç banka ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hazırda fondun 40 milyon manat vəsaiti qalıb. Vəsaitimiz var, buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Kompensasiyaların ödənilməsi üçün gündəlik olaraq 3-4 milyon manat sərf olunur. Zərurət yarandığı halda fond Mərkəzi Bankdan 20 milyon manat cəlb edə bilər”.
Martın 1-də prezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunu imzalayıb. Qanuna görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.