Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun müraciətinə baxılıb. Vəkil Elçin Sadıqov Report.az-a deyib ki, məhkəmə onların müraciətini təmin etməyib. O, qərardan apellyasiya şikayəti verəcəklərini vurğulayıb.
Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəyirlər. Məhkəməyə ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus və Arif Yunus ağır xəstəliklərdən əziyyət çəkirlər, təcili müalicəyə ehtiyacları var.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.