Xəzər dənizinin Türkmənistan sektorunda yanvarın 29-da aşkar edilmiş meyitin DNT analizinin nəticələri bilinib. Ekspertlərin rəyinə əsasən, meyit SOCAR-ın “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Məlumatı SOCAR-ın mətbuat xidməti fevralın 3-də yayıb.
2015-ci il dekabrın 4-ü Xəzərin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 30-u itkin düşüb. İndiyədək 12 nəfərin meyiti tapılıb.
Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.
İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir.