Fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin mühakimə prosesində insident baş verib. Nəticədə məhkəmə prosesi yarımçıq qalıb.
ANN.Az-ın məlumatına görə, hadisə hakim Eldar İsmayılov həkimlərin ifadə verməsinə dair vəsatəti təmin etməyəndən sonra olub. Dörd şahid dindiriləndən sonra zərərçəkən tərəfin vəkili Fariz Namazov həkimlərin məsuliyyəti və əlavə şahidlərin dindirilməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti təmin etmədikdən sonra etiraz səsləri artmağa başlayıb.
Hakim Eldar İsmayılov vəsatətin təmin olunmadığını elan edən kimi mərhum jurnalistin valideynləri zalda stulların üzərinə çıxaraq qışqırmağa, hakim və məhkəmə heyətinə etiraz etməyə başlayıb. Elə bundan sonra Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də qışqırmağa, yumruqla divara və saxlandıqları dəmir barmaqlıqlara vurmağa başlayıblar. Hakim aranın sakitləşməsinə çalışsa da, buna müvəffəq olmayıb. Bundan sonra zala məhkəmə mühafizəçiləri gəlib, lakin onlar da valideynləri və ittiham olunanları sakitləşdirə bilməyiblər. Mühafizəçilər zala bibər qazı buraxıblar, boğucu qaz iyindən sonra zaldakı etirazçılar küçəyə çıxmağa məcbur olublar.
Etirazçılar küçədə də qışqırmağa və binanın qarşısındakı avtomobillərə zərbələr endirməyə başlayıblar. Onlar məhkəməyə inanmadıqlarını, prosesin sifarişlə keçirildiyini deyiblər.
ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılıb.
Yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb.
Rasim Əliyevin məhkəmə prosesində zala qaz bombası atıldı
Rasim Əliyevin məhkəmə prosesindən sonrakı vəziyyət …..
Опубликовано TURAN Informasiya Agentliyi 2 февраля 2016 г.