ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışı Ayova ştatından başlayıb. Novator.az-ın məlumatına görə, fevralın 1-i Ayovada keçirilmiş ilkin seçkini respublikaçılardan senator Ted Kruz udub. Milyarder Donald Tramp və senator Marko Rubio ondan bir az geri qalıblar.
Demokratlara gəlincə, sabiq dövlət katibi, 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımı Hillari Klinton Berni Sandersi cüzi fərqlə geridə qoyub. Martin O’Melli 0,6% səs toplayaraq yarışı tərk edib. Respublikaçı Mayk Hakabi də eyni addımı atıb.
Respublikaçılar prezidentliyə namizədi 18-21 iyul qurultayında, demokratlar 25-28 iyul qurultayında seçəcəklər. Namizəd olmaq üçün ilkin seçkilərdə respublikaçı iddiaçı qurultaya 1237, demokrat iddiaçı 2383 nümayəndə qazanmalıdır.
ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrın 8-də keçiriləcək.