Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində döyülməsi nəticəsində vəfat etməsi faktına görə cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsi işinin ayrıca icraata ayrılmasının onun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Bakı Şəhər Prokurorluğu bununla bağlı yayılan informasiyaları qəti şəkildə təkzib edir. Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Prokurorluğuna dəvət edilərək məlumatlandırılıb, onlara prosessual hüquq və vəzifələri izah edilib. 2016-cı il yanvarın 11-də Cavid Hüseynovun təqsirləndirilməsinə dair istintaq edilən cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.
ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.