Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib.
Rüfət Səfərov bir həftə qabaq tutulmuşdu. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Rüfət Səfərovun işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov ötən ay baş prokuror Zakir Qaralova istefa ərizəsi yazaraq vəzifəsindən istefa verdiyini bəyan edib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.
Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.