Əmlak Məsələləri Dövlət Komitəsində 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Rəsmi məlumata görə, komitə sədri Kərəm Həsənov çıxışında deyib ki, ötən il mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb: “Artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi ilə bağlı bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Bu isə sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin edib”.
Kərəm Həsənov qeyd edib ki, torpaqların vahid elektron informasiya sisteminin yaradılması ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq: “Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əks olunub.
Gəncə və Şəki şəhərlərində icra olunan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin bu il yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasından ibarətdir”.
Müşavirədə qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə ötən il 3 SMS xidmət istifadəyə verilib: “Ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib. Eyni zamanda komitənin 2 onlayn xidməti də vətəndaşların istifadəsindədir.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan və paralel olaraq paytaxt və regionlarda hər ay keçirilən “Kütləvi çıxarış” kampaniyası da qeydiyyat sahəsində xidmətlərin vətəndaşların birbaşa ünvanlarında göstərilməsi ilə əlçatanlığın daha da artırılmasını təmin edib. Kampaniya çərçivəsində 6000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. 2015-ci ildə kampaniya respublikanın 16 şəhər və ya rayonunda keçirilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib”.
Müşavirədə fəaliyyət sahələri üzrə ötən il qeydə alınmış bəzi statistik göstəricilər barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ilin yanvar-dekabr aylarında 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.
Hesabata görə, dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb: “156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub”.