Dövlət Neft Fondunun büdcəsi prezidentə təqdim olunur
Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin rəhbərliyi ilə keçirilən iclasda fondun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.
Rəsmi məlumata görə, iclasda Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin 8 261 399,7 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 420,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. ARDNF-nin 2016-cı il büdcə layihəsi, o cümlədən fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinin ölkə prezidentinə təqdim olunması tövsiyə edilib.