Portuqaliyada yeni hökumət 11 gün sonra yıxılıb. Transparency.az xəbər verir ki, baş nazir Pedru Pasuş Koelyonun hökuməti parlamentdə çoxluğa sahib müxalif qüvvələrin etimadsızlığı ilə üzləşib. Noyabrın 10-da keçirilən səsvermədə etimadsızlıq tərəfdarları 123 səs, hakim koalisiya 107 səs alıb.
Portuqaliyada hakim koalisiya oktyabrın 4-də keçirilmiş parlament seçkisini udub. Pedru Pasuş Koelyonun rəhbərlik etdiyi koalisiya 37% səs alıb. Ancaq Sosial Demokrat və Xalq partiyalarından təşkil olunmuş hakim koalisiya hökuməti qurmaq üçün yetərli mandata sahib çıxa bilməyib. Müxalif Sosialist Partiyası 32,3% səslə ikinci yeri tutub. Solçu qüvvələrin cəmləşdiyi blok parlamentə 10%, kommunistlərlə yaşılların koalisiyası isə 8% səslə keçib.
Portuqaliya prezidenti oktyabrın 22-də Pedru Pasuş Koelyonu yenidən baş nazir təyin edib, amma müxalif qüvvələr parlamentdə öz koalisiyalarını qurmağa müvəffəq olublar.
Baş nazir postuna Sosialist Partiyasının baş katibi Antonio Koşta iddialıdır.